Chevening təqaüdü qazanmış gənc xanımla müsahibə — ÖZƏL

Özünü təqdim et, zəhmət olmasa.

— Salamlar. Mən Səbinə Şərifova, 24 yaşım var. Rusiyada anadan olmuşam və orada böyümüşəm. Daha sonra, 11 yaşımda Moskvadan Azərbaycana köçmüşəm, orta məktəbi Bakıda bitirib, Dillər universitetinin Essex qrupunda (Qeyd: Dillәr Universitetinin xüsusi tәşәbbüsüdür, Essex Universitetinin proqramı ilә fәnnlәr yalnız ingiliscə keçirilir) təhsil almışam. Üçüncü kursu bitirdikdən sonra Ugrad proqramını qazanıb Miçiqanda Grand Valley State University-də təhsilimi davam etmişəm. Bakıya qayıdıb 5-ci kursu əlavə oxumuşam. Daha sonra ilk magistr dərəcəmi Xəzər Universitetində Dilçilik fakültəsində almışam. Hazırda ikinci magistr təhsilimi Londonda Birkbeck universitetində alıram. Sahəm tətbiqi dilçilik, ixtisasım Neyrodilçilikdir.

Читать далее

Visby təqaüdünü qazanmış xanımla MÜSAHİBƏ (ÖZƏL)

Leyla Qasımova

Özünüzü təqdim edin, zəhmət olmasa.

Leyla Qasımova, 2008-2013-ci illərdə Bakı Dövlət Universitetində ali təhsilin bakalavriat səviyyəsi üzrə “Filologiya (Rus dili və ədəbiyyatı)” ixtisasını bitirmişəm.

 “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İngiltərənin Mançester Universitetinin “Təhsilin İdarə olunması” ixtisası üzrə magistratura səviyyəsinin məzunu olmuşam. 2018-ci ildən İsveçin Halmstad Universitetində Skandinaviya ölkələrində Sosial Rifah (Nordic Welfare) üzrə magistr təhsili alıram.

Təqaüd barədə ümumi məlumatı haradan əldə etmək mümkündür?

Swedish Institute səhifəsinə daxil olaraq təqaüd barədə məlumat ala bilərsiz, Swedish Institute çərçivəsində Azərbaycan Visby təqaüd proqramına daxil olan ölkələrdən biridir və müraciət edənlər Visby proqramını seçməlidirlər. Aşağıdakı linkə daxil olaraq ətraflı məlumat əldə edə bilərlər — https://si.se/en/apply/scholarships/visby-programme-masters/

Nəyə görə bu ixtisası və universiteti seçmisiniz?

İşlədiyim sahə sülh quruculuqla əlaqəli olduğu üçün Nordic Welfare mənə uyğun gəldi və eyni zamanda Skandinaviya modeli dünyada davamlı inkişaf üçün statik bir modeldir və eyni zamanda bu sahə üzrə təhsil alaraq bütün Skandinaviya ölkələrində gedən sosial inkişaf barədə biliyə malik olmaq mümkündür. İsveçin sosial inkişafa verdiyi tövhələr inkişaf edən ölkələr üçün bir strategiya ola bilər. Əgər 19 əsrin axırlarına nəzər yetirsək görərik ki, İsveç kasıb ölkələrdən biri olub, əhalisi işsizlikdən digər ölkələrə üz tutublar, lakin bu gün İsveç iqtisadi və sosial inkişaf üzrə dünya üzrə  ən yüksək göstəriciyə malikdir.  

Seçdiyim sahə üzrə həm nəzəri bilik və eyni zamanda praktiki bilik əldə etmək mümkündür. Universitet hər bir tələbə üçün imkan yaradır ki, İsveçdə gedən sosial rifahı və inkişafı daha yaxından izləmək üçün müxtəlif sosial müəssisələrə səyahət edib proseslə dahada yaxından tanış olaq.  

Eyni universitetdə bir neçə proqram müraciət etmək məsləhətdir yoxsa müxtəlif Universitetlərə?

Eyni universitetə gəldikdə, əgər seçilmiş ixtisaslar Visby təqaüd proqramının təqdim etdiyi siyahıya daxildirsə birdən artıq fakültəyə müraciət edə bilərlər. Ümumilikdə 4 universitet və yaxud 4 müraciət seçimi imkanınız var və düşünürəm ki, müxtəlif universitetlərə müraciət etmək daha məqsədəuyğundur.

Azərbaycan və İsveç ali təhsil sistemi arasında hansı ortaq cəhətlər və fərqliliklər var?

İsveç təhsil sistemi tam fərqlidir və asan deyil, həftənin hər gününü təhsilə həsr etməlisən həftə sonu istisna olmaqla, Gününün 8 saatını oxumaqla keçirdirsən. Azərbaycan təhsili ilə heç müqayisə etmək mümkün deyil, tam fərqlidir. Yalnız iki inkişaf etmiş ölkənin təhsil sistemini müqayisə etsək, məsəl üçün İngiltərə və İsveç deyə bilərəm ki, İsveçdə o qədərdə müqayisəli yanaşma yazılarda tələb olunmur və sənin ölkəndə gedən inkişaf onları o qədərdə maraqlandırmır. Onlar üçün əsas məqsəd İsveçə hansı yenilikləri və dəyişikləri gətirə bilərik onun inkişafı genişlənsin, qlobal problemlərin təsirinin qarşısını almaq yolları və s. Bir sözlə ölkə yalniz öz inkişafına yönəldilmiş bir təhsil sisteminə malikdir və bununla yanaşı tələbənin innovatorluq həvəsini artırır. İnnovativ ideyaları həyata keçirdmək üçün geniş imkanlar yaradılır.

Müəllim heyəti ümumilikdə necədir? Azərbaycanda olan müəllimlərlə müqayisə etmək nə qədər düzgündür?

Müəllimlər təhsillə yanaşı geniş dünya görünüşünə malikdirlər. Hər bir tələbənin fikri onlar üçün önəmlidir və tələbə üzərində qurulmuş təhsil sistemidir, yəni tələbənin rahatlığı və biliyinin artması onlar üçün vacib amillərdən biridir.

Dərslərdə iştirak mütləqdir yoxsa əsas verilən tapşırıqları yerinə yetirməkdir?

Dərsdə iştirak fakültədən fakültəyə dəyişir və eyni zamanda professorlardan aslıdır necə qəbul edəcəklər seminarları, onlayn qoşulma və yaxud yazılı formada seminarı professorun elektron ünvanına göndərə bilərlər. Müəllimlər tələbənin oxumağı üçün şərait yaradırlar və yaranan problemi tez həll etməyə çalışırlar.

Dərslərə daha tez adaptasiya olmaq üçün hansı dərsləri bilmək məsləhətdir?

Kitablarin siyahısı fakültənin səhifəsində Syllabus-da göstərilir. Dərsliklərdən istifadə müəllimlər tərəfindən geniş şəkildə izah edilir.

Seçimlər tam demokratik şəraitdə aparılır və bütün kriteriyalara cavab verən tələbələr Visby təqaüd proqramını əldə edə bilərlər. Əsasən sosial aktiv və liderlik qabiliyyətinə malik olan tələbələr müsabiqədən keçirlər.  Düzdü dil biliyi də önəm kəsb edir.

Oxuculara vermək istədiyiniz məsləhətlər

Əgər İsveçdə qalıb işləmək istəyirsinizsə İsveç dilini gəlməmişdən qabaq öyrənməyə çalışın. İsveç dilini bilməyiniz sizə geniş iş imkanlarını açacaq. Çalışın fəal olun və geniş şəbəkə qurmağa çalışın. İsveçlilər ünsiyyət zamanı ilk ünsiyyətə girməkdən çəkinirlər, lakin ünsiyyətə girdiyiniz zaman görürsən ki, necə də gözəl ünsiyyət bacarığına malikdirlər. İrqindən və dinindən asılı olmayaraq hər bir insana hörmət ilə yanaşırlar. Sağlam qidalanırlar, cəmiyyət və ölkə çox gözəldir. Yalnız qışı çox sərt keçir.

Müsahibəyə görə təşəkkürlər! Təhsilinizdə uğurlar!

Ən çox verilən suallar (FAQ)

2014-cü ildə bitirmişəm. Universitetdən göturəcəyim recommendation letter-də hansı tarixi qeyd etməliyəm?

Xeyr, yenidən imtahan vermək şansınız var.

İELTS imtahanından nəticəmin vaxtı bitib. Mən yeniləmədən köhnə sənədi göndərə bilərəm universitetlərə?

Vaxtı bitmiş sənəd etibarsızıdır.

4 fərqli universitetə ya da ixtisasa müraciət edirəmsə, hamısına 1 motivation letter göndərməliyəm yoxsa hər birinə ayrı-ayrı?

Eyni motivation letter yetərlidir

Application fee necə ödəmək məsləhətdir: bank köçürməsi və ya onlayn olaraq?

Kredit kartla odəniş etmək mümkündür.

Sənədlər onlayn yüklənilməlidir yoxsa poçtla da?

Online dahada asandır

İxtisasımdan fərqli olan ixtisas seçmək olar?

Bəli olar, lakin əsaslandırmalısan niyə fərqli ixtisası seçirsiniz

Təhsili bitirdikdən sonra İsveçdə qalmaq imkanı var?

İş tapsanız qalmaq imkanınız var

Recommendation letter-də hansı tarix göstərilməlidir? Köhnə tarix göstərilə bilər?

Tarix o qədər önəmli deyil yalnız recommendation letter-də göstərilən adama müraciət etdikdə onun cavab verməsi önəmlidirMüsahibəyə görə təşəkkürlər! Təhsilinizdə uğurlar!

Visby təqaüdünü qazanmış tələbə xanımla MÜSAHİBƏ (ÖZƏL)

Özünüzü təqdim edin, zəhmət olmazsa.

Fidan Əbdürrəhimli, 1994-cü ildə Şəmkir rayonunda anadan olmuşam. 2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili almışam. 2015-2018-ci illərdə “MedLex” hüquq şirkətinin nümayəndəsi olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində hüquqşünas vəzifəsində işləmişəm. 2018-ci ildə İsveçin Lund Universitetində 2 illik magistr proqramına (LLM in International Human Rights Law) qəbul olunmuşam.

Təqaüd barədə ümumi məlumatı haradan əldə etmək mümkündür (rəsmi mənbə, link və s.)?

Study in Sweden və The Swedish Institute-un (Svenska Institutet) internet saytlarında İsveçdə təhsil ilə bağlı ətralı məlumat mövcuddur: https://studyinsweden.se/,  https://si.se/.

Nəyə görə bu ixtisası və universiteti seçmisiniz?

Ümumiyyətlə, xarici ölkədə təhsil almaq istəyim 5-6-cı sinifdə oxuyanda yaranmışdı. “Peace Corps”un əməkdaşı kəndimizin məktəbində ingilis dili dərsi keçirdi. Bu istəyimin yaranmasında o xanımın rolu olub. İxtisas olaraq hüquqşünaslığı seçməyimin səbəbi isə insan hüquqlarına olan marağım idi. Bakalavrda bu marağım daha da artdı. Bu sahəni daha dərindən və keyfiyyətli şəkildə öyrənmək istəyim Lund Universitetini və bu proqramı seçimlərim arasında birinci elədi.

Eyni universitetdə bir neçə proqram müraciət etmək məsləhətdir yoxsa müxtəlif Universitetlərə?

Proqramların eyni universitetdə və ya fərqli universitetlərdə olması prinsipial deyil. Məsələn, mən Lund Universitetindən sonra, Stokholm Universitetində 2 proqram seçmişdim. Müraciət edənlərin seçimlərini maraq sahələrinə, akademik və kurrikulumdan kənar fəaliyyətlərinə, peşəkar iş təcrübələrinə və s. uyğun etmələri daha məsləhətlidir. Bu həm universitetə qəbul, həm də təqaüd üçün imkanları artırar.

Azərbaycan və İsveç ali təhsil sistemi arasında hansı ortaq cəhətlər və fərqliliklər var?

Əvvəlcədən deyim ki, hüquq üzrə oxuduğum üçün müqayisəni də bu yöndə aparacam. Ola bilər ki, digər ixtisaslarda vəziyyət bir qədər fərqlidir.

Azərbaycan və İsveç təhsil sistemi arasında tədris yönündən xeyli fərq var 🙂 Dərslərin keçirilmə üsulu, kurrikulum, tələbə-müəllim münasibəti, tələbələrin dərslərə yanaşması, ədəbiyyatlar, imtahanlar, demək olar ki, hər şey fərqlidir.

Təəssüf doğuran faktdır ki, bizdə təhsil əsasən əzbərçilik üzrə qurulub. İndi-indi orta məktəbdə çalışırlar nələrsə etsinlər, bunun uğurlu olub-olmamasını zaman göstərəcək. Universitetdə belə idi ki, alimlərin fikirlərini əzbərləyirsən, çıxıb o fikirləri təkrarlaryırsan və buna əsasən müəllim sənə qiymət yazır. İsveçdə önəmli olan isə sənin necə düşünməyindir. Alimin fikri ilə razısansa və ya narazısansa, niyəsini izah etməlisən. Tələbəni düşünməyə, öz fikrinin olmasına vadar edirlər (bu İsveçdə hələ məktəbəqədər təhsildən başlayır). Beynəlxalq hüquq müəllimimiz bizə deyir ki, ICJ-nin (International Court of Justice, Beynəlxalq Ədalət Məhkəməsi) nə qərara gəldiyinə fikir verməyin, işi, halları özünüz dəyərləndirin, şərh edin. Qərarda o cür yazılıbsa, bu o demək deyil ki, tək doğru olan odur və s. Dediyim kimi, dərslər yalnız kitabdakı mövzu ilə limitlənmir, daha çox ‘’case-law based’’ olur, ICJ-nin, Avropa və Amerika İnsan Hüquqları Məhkəmələrinin, digər beynəlxalq və regional mexanizmlərin qərarları, rəyləri, qətnamələri və s. əsas materiallardandır. Hər mövzuya aid bir neçə məhkəmə qərarı, məqalələr oxuyuruq, müzakirə edirik və s. 

BDU-da bakalavrda mütləq hər yeni fənn keçiriləndə ən az ilk 2 dərs fənnin predmeti, anlayışı, metodu, prinsipləri, digər elmlərlə qaşılıqlı əlaqəsi, hüquq elmində yeri və s. kimi şeylərə vaxt ayrılırdı. İndi oxuduğum materiallarda bunlar yoxdur, ən yaxşı halda, 3-4 cümlə ilə bunlardan çox vacib olanı varsa, o əhatə olunur.

Burda bir fənni bir müəllim tədris eləmir. Bu semestr iki fənn tədris olunub və nə az, nə çox, 13 müəllim dərs keçib. 🙂 (5 müəllim Beynəlxalq hüququ, 8 müəllim İnsan hüquqlarını). Hər müəllim bir və ya bir neçə mövzu üzrə mühazirə deyib, seminar aparıb. Azərbaycanda isə bəzən bir müəllim 2 və daha çox fənni tədris edirdi (məsələn, İnsan hüquqları və Bələdiyyə hüququ, Əmək hüququ və Ekologiya hüququ :)).

Daha bir fərq odur, burda qrup şəklində işləməyə (təhsildə və iş həyatında) çox önəm verilir. Fərdi yerinə yetirdiyin tapşırıq, demək olar ki, olmur (imtahanlardan başqa). Bizdəki “fərdi iş” anlayışını burda “workshop”lar əvəz edir. Kiçik qruplara bölünərək bir semestr ərzində tələbə 3-5 qrup yoldaşı ilə birlikdə verilən tapşırığı həll edib, müəllimə təqdim edir (təqdimat müəllimdən asılı olaraq slide show hazırlamaq, masa ətrafında müzakirə şəklində və s. olur).

Mühazirələrin mövzusu, oxunulası materiallar əvvəlcədən bəlli olur. Tələbə materialları oxuyur, mühazirəyə hazır gəlir. Bu dərsin daha interaktiv keçməsinə, oxuduğun materialda qaranlıq qalan məqamları elə yerindəcə, vaxtında müəllimdən soruşmaq, müzakirə eləmək imkanı yaradır.

İmtahanlar həm “take-home” formada, həm də sinif otağında ola bilir. Birinci halda suallar açıqlanır, verilən müddətdə evdə suallara cavab yazıb e-mail vasitəsilə kurs administratoruna göndərirsən, o isə cavabları yoxlayacaq müəllimə göndərir. Təbii ki, anonim olur. Digər variantda sinif otağında kompüterdə 3 və ya 4 saat ərzində hamıya verilən eyni suallara tələbə cavab yazır. Bəzən kitabdan, qeydlərdən istifadəyə icazə verilir. İmtahan nəticələri də anonim olur. Kurs administatoru hər tələbəyə nömrə verir və nəticələr açıqlanan zaman, ad, soyad əvəzinə nömrələrlə açıqlanır. Yaxud tələbənin şəxsi “student account”una göndərilir. Beləcə, tələbələr bir-birindən soruşmadıqca — adətən soruşmurlar — kimin neçə bal aldığı bilinmir.

Sinif jurnalı yoxdur, dolayısı ilə mühazirələrdə qayıb və s. də yoxdur. 🙂

Çox zəngin kitabxanaları və elektron bazaları var, hər tələbənin şəxsi kitabxana  hesabı, bazaya girişi olur və online resurslardan yararlana bilir. (HeinOnline və s. ) Bəlkə, bu fərq deyil, yəqin ki, ADA kimi universitetdə belə sistem var, amma çoxluq bu cür imkanlara sahib deyil.

Dərslərin sayı da BDU-dakına nisbətdə azdır. Dediyim kimi, semestr ərzində 2 fənn keçmişik. Bakalavrda isə, isveçli qrup yoldaşlarım bir semestrdə maksimum 3-4 fənn keçiblər.

Xüsusi oxşar cəhət hazırda ağlıma gəlmir, düzü. 🙂

Müəllim heyəti ümumilikdə necədir? Azərbaycanda olan müəllimlərlə müqayisə etmək nə qədər düzgündür?

Azərbaycanda olan müəllimlərlə müqayisə etmək istəmirəm. Ona görə yox ki, hansısa daha yaxşıdır, hansısa yox. Sadəcə lüzum yoxdur, fikrimcə. Burdakı müəllimləri qısa təsvir etməklə kifayətlənəcəm.

Müəllimə adı ilə müraciət olunur. (Şərqli tələbələrə buna öyrəşmək vaxt alır :))  Bu, qəti şəkildə, hörmətsizlik deyil, əksinə, müəllim və tələbənin bərabərhüquqlu olmasını diqqətə çatdırmaq üçündür. Müəllimlər (xüsusilə isveçlilər) özlərini təqdim edəndə (məsələn, hazırladıqları prezentasiyalarda) elmi adlarını heç vaxt vurğulamırlar. Məsələn Dr. Prof. Doc. kimi qısaltmaları istifadə etməyə heç isti yanaşmırlar (13 müəllimdən yalnız 2-3 müəllim prezentasiyada adının əvvəlinə Dr.  əlavə edib, hamısı da qeyri-isveçlidir (italyan, argentinalı və alban). 🙂 Tələbə suala düzgün cavab verməyəndə onun səhv dediyini “Xeyr, səhvdir.” – şəklində bildirmirlər. Əvəzinə: “Hmm, ola bilər, amma bəlkə bu yandan baxmaq da yaxşı olar…” deyib düzgün cavabı bildirirlər. Tələbə ilə səmimidirlər. Bəzən fasilədə müəllimlərdən hansısa idman klubuna üzvlük, azyaşlı uşaqların valideyni olmağın çətin olması (hətta :)), havaların soyuq keçməsi və s. barədə söhbətlər eşitmək mümkündür. İnsanlar rahatdırlar. Müəllim tələbəyə yetişkin insan kimi (ki həqiqətən bizə nisbətdə daha yetişkin olurlar) davranır. Tələbə heç bir vəchlə müəllimdən çəkinmir, sözünü, fikrini, etirazını və s. bildirir. Müəllim içəri gələndə ayağa durulmur. 🙂 Bütün bunların başında yuxarıda vurğuladığım “bərabərhüquqluluq” prinsipi dayanır.

Dərslərdə iştirak mütləqdir yoxsa əsas verilən tapşırıqları yerinə yetirməkdir?

Mühazirələrdə iştirak mütləq deyil, lakin seminar və workshop-larda davamlı iştirak etmək yekun bala təsir göstərir. Bəzi hallarda mühazirələrdə mütləq iştirak nəzərdə tutula bilər.

Dərslərə daha tez adaptasiya olmaq üçün hansı dərsləri bilmək məsləhətdir (link, kitabların adları və s.)?

Mənim oxuduğum proqram üzrə bəlli beynəlxalq sənədlər: müqavilələr, konvensiyalar və s. var, onları oxumaq kömək olar. Onsuz da dərs müddətində keçiriləcək.

Oxuculara vermək istədiyiniz məsləhətlər

Məsləhət olaraq inanın, çalışın və s. kimi klişe şeylər demək istəmirəm, amma təcrübəmi bölüşə bilərəm. Xüsusilə Visby motivasiya məktubu yazarkən məqsədlərini, platformalarını aydın, dolğun və inandırıcı şəkildə göstərsinlər. Mümkün qədər fərdiyyətçilikdən qaçsınlar, yəni təhsilin sonunda qazandıqlarından yalnız özləri yararlanacaqları şəkildə fikir yazmasınlar. Avropalılar fərdiyyətçi olsalar da, ümumi maraq naminə birgə işləməyi bacarırlar və buna çox önəm verirlər. 

Müsahibəyə görə təşəkkürlər! Təhsilinizdə uğurlar!

Mən təşəkkür edirəm! Hər kəsə uğurlar!

Ən çox verilən suallar (FAQ)

2014-cü ildə bitirmişəm. Universitetdən göturəcəyim recommendation letter-də hansı tarixi qeyd etməliyəm?

Tövsiyə məktubunu götürdüyünüz tarixi.

İmtahandan kəsiləndə Visby təqaudunü dayandırırlar? Kəsildikdən sonra məbləğləri geri qaytarmalısan deyə şərtlər var burda?

İmtahandan kəsiləndə yenidən imtahan vermə şansınız olur. Minimum 22.5 kredit toplamaq lazımdır semestr ərzində. Semestr sonu nəticələriniz dəyərləndirilir, qənaətbəxş deyilsə, dayandırıla bilər. Bu halda geri ödəmə tələb olunmur.

Təhsilimi ingilis dilində almışam. Bunu sübut etmək üçün hansı sənədi təqdim etməliyəm universitetlərə?

Bu barədə universitetdən rəsmi arayış.

İELTS imtahanından nəticəmin vaxtı bitib. Mən yeniləmədən köhnə sənədi göndərə bilərəm universitetlərə?

Köhnə nəticəni göndərmək məsləhət deyil.

4 fərqli universitetə ya da ixtisasa müraciət edirəmsə, hamısına 1 motivasiya məktubu göndərməliyəm yoxsa hər birinə ayrı-ayrı?

Ayrı-ayrı olması məsləhətlidir. Nə də olsa, ixtisaslar fərqlənir.

Application fee necə ödəmək məsləhətdir: bank köçürməsi və ya onlayn olaraq?

Online daha praktikdir.

Visby təqaüdü üçün minimum GPA nə qədər olmalıdır?

Visby təqaüdü üçün GPA tələb olunmur.

Sənədlər onlayn yüklənilməlidir yoxsa poçtla da?

Ancaq onlayn.

İxtisasımdan fərqli olan ixtisas seçmək olar?

Əlbəttə olar, əgər heç olmasa seçdiyiniz ixtisasa uyğun hansısa fəaliyyətiniz olubsa.

Təhsili bitirdikdən sonra İsveçdə qalmaq imkanı var?

Bəli, 6 ay müddətinə yaşayış icazəsinin müddətini uzatmaq olur.

Tövsiyyə məktubunda hansı tarix göstərilməlidir? Köhnə tarix göstərilə bilər?

Məktubun hazırlandığı tarix göstərilə bilər. Mümkün qədər yaxın tarix olması məsləhətdir.

Londonda DP ilə magistr oxuyan xanımla MÜSAHİBƏ

Chilenay.jpg

Hər vaxtınız xeyir olsun, hörmətli oxucular! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) bu il başa çatdı. Proqram çərçivəsində 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın müxtəlif təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır.

Təbii ki, proqramın mövcudluğu və onun imkanlarının olması Читать далее

Londonda magistr olan həkimlə MÜSAHİBƏ

Rashad Huseynov

Hər vaxtınız xeyir olsun, dəyərli oxucular! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) bu il başa çatdı. Təhsil naziri Mikayıl Cabbarovun dediyinə görə 8 il ərzində 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır.

 

DP-nin işıqlandırılması istənilən səviyyədə olmadığından bu boşluğu doldurmaq lazım olduğunu hesab edirəm. Ona görə də Читать далее