DP ilə Londonda magistr olan xanımla MÜSAHİBƏ


 

Sevi lAbilova

Hər vaxtınız xeyir olsun, əziz oxucular! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) bu il başa çatdı. Proqram çərçivəsində 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın müxtəlif təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır.

Təbii ki, proqramın mövcudluğu və onun imkanlarının olması müsbət haldır. Ümid edirik ki, xaricdə oxuyan tələbələr yaxın gələcəkdə Azərbaycana qayıdıb müsbət töhfələrini verəcəklər. Əfsuslar olsun ki, dövlətin vəsaiti təhsil alanlardan bəzi hissəsi Vətənə qayıdıb Azərbaycan dövlətini daha da möhkəmləndirmək əvəzinə şəxsi maraqları daha üstün tutur və Təhsil Nazirliyi ilə imzalanmış müqavilənin müvafiq bəndlərini pozur. İnanırıq ki, yeni qəbul edilən proqramda bu çatışmazlıqlar aradan qaldırılar və tələbələrin özbaşınalığına yol verilməz.

Ötən 8 ildə  DP-nin işıqlandırılması istənilən səviyyədə olmadığından bu boşluğu doldurmaq lazım olduğunu hesab edirik. Ona görə də mümkün qədər çox DP-dən uğurla keçən və xaricdə təhsil alan və ya almaqda olan tələbələrlə müsahibələr götürürük. DP-nin işıqlandırılması üçün yeni layihələrdən biri yenicə başladılmış “Uğur formulu”dur.  İnanırıq ki, Proqramın nəticələri yaxın müddətdə bizim cəmiyyətə, xüsusi ilə də təhsilini davam etdirən gənclərimizə  təqdim ediləcək. Bu addımlar inkişafda olan dövlətimizin yeni kadrlarla təmin olunmasında mühüm addım ola bilər, gənclərimiz xaricdə təhsil almaqla və Azərbaycana dönməklə cəmiyyətimizi müsbətə doğru dəyişdirə, innovativ ideyalarla zənginləşdirə bilər. İnsan kapitalının yetişdirilməsində belə proqramların rolu əvəzedilməzdir.

İndi isə gəlin müsahibimlə yaxından tanış olaq!

 

 

-Salam! Zəhmət olmasa oxucularımıza özünüzü təqdim edin. Özünüz haqqınızda qısa məlumat verin.

-Salam. Mən, Abilova Sevil Adil qızı, 1992-ci ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi Zabrat 1 qəsəbəsində yerləşən 192 Nömrəli məktəbdə almışam. 2009-cu ildə TQDK imtahanından 630 bal yığaraq Bakı Dövlət Universitetinin “Amerikaşünaslıq ixtisasına” qəbul olmuşam. Bakalavr təhsili müddətində bir çox tədbirlərdə iştirak etmiş, ictimai-sosial fəallıq göstərmişəm. 2012-ci ildə BMT-nin Bakıda keçirilən tədbirini xüsusi qeyd etmək istərdim. İnternet İdarəçilik Forumu adlanan bu tədbirdə təşkilatın rəhbər heyəti ilə birlikdə çalışmağın faydalarını bugünkü günə qədər hiss edirəm. Bu Forumun bitməsindən təqribən bir ay sonra xüsusi müsabiqə yolu ilə BP və Amerika Maliyyə Palatasının dəstəyi ilə keçirilən “Gənclərin Biznes İdarəçilik Layihəsi”nə seçilmişəm, hansı ki BDU tələbələrinə cəmi 8 yer ayrılmışdı. 2013-cü ildə bakalavr təhsilimi bitirdikdən sonra xaricdə təhsil planlarımı reallaşdıra bilmək üçün 1 il fasilə verdim. Nəticədə, müraciət etdiyim 12 Böyük Britaniya universitetindən və ADA-dan müsbət cavab aldım. Növbəti mərhələ Dövlət Proqramı idi və bu işin öhdəsindən də uğurla gəlib, Londona yollandım. Bu ilin Sentyabr ayında təhsilimi bitirib qayıtmışam və hələ ki özəl şirkətlərdən birində xaricdə təhsil məsələləri üzrə menecer vəzifəsində çalışıram.

— Təhsilinizi hansı ölkədə davam etdirmək istəyirdiniz?

— Xaricdə təhsil istəyimi qətiləşdirəndən bu suala cavab tapmaq üçün dərin araşdırma etməyə başladım. Son beş ildə dünya sıralamasında öndə gələn universitetlərin və ölkələrin siyasını incələdim (siyahının hansı arqumentləri əsas götürdüyünə xüsusi fikir verirdim). Nisbət etibarilə sıralamaların demək olar ki hamısında ilk olaraq ABŞ, daha sonra isə Böyük Britaniya təmsil olunurdu. İlk olaraq ABŞ universitetləri ilə maraqlanmağa başladım, lakin bir sıra əlavə imtahanlar tələb olunurdu (GRE, GMAT) və təəssüf ki, mənim bu imtahanlara hazırlaşmağa kifayət qədər vaxtım yox idi.  Bu səbəbdən Britaniya, əsasən də London universitetləri üzərində fikrimi cəmləşdirdim (hər kəsin yaşamağı arzuladığı bir şəhər olur, məndə bu London idi J). Qarşımda iki seçim var idi: Kings College London və Queen Mary. Hər iki universitetə təqaüd proqramına müraciət etməyim üçün lazımı qəbul məktubunu poçtla göndərməsi ilə bağlı email yazdım (rəsmi qəbul məktubu olmadan DP-ə müraciət etmək mümkün deyil). Queen Mary-nin emaillərə gecikmədən cavab yazması, məktubu dərhal göndərməsi, ümumiyyətlə, hər cür müraciətə diqqətlə yanaşması mənim o universiteti seçməyimə növbəti səbəb idi. Təhsilim müddətində də bu seçimimdə yanılmadığımın şahidi oldum. Hər tələbəyə fərdi yanaşılması, hər kəsə təhsil ili ərzində şəxsi və akademik məsləhətçilərin təyin olunması, ,xüsusilə, xaricdən gedən və “cultural shock” yashayan tələbələrə çox kömək olurdu. Şəxsən mən bu xidmətlərdən bir neçə dəfə istifadə etmişdim, çünki bu, ailəmdən kənarda keçirdiyim ilk dönəm idi və bütün çətinliklərin öhdəsindən tək gəlməli olduğumu, yad insanların ətrafında köməksiz qaldığımı düşündükcə çox sıxılırdım ilk başlarda və bu dərslərimə də təsir göstərirdi. Akademik baxımdan qiymətləndirsək əgər, Queen Mary Böyük Britaniyada sosial elmlər üzrə öndə gələn universitetlərdən biridir və dərslərin keçirilmə metodikasi bunu tam əks etdirirdi. Bizim Londonda yerləşən digər top universitetlərin kitabxana bazalarından istifadə etmək hüququmuz var idi (bildiyiniz ki, orada hər universitetin oz kitabxanası olur və top universitetlərin kitabxanaları zənginliyinə görə seçilirdi). Qısası, universitet nəinki təhsil verir, həm də tələbəyə təhsilində kömək edir.

— Nəyə görə bu ixtisası və universiteti seçmisiniz?

—  Universitetlə bağlı fikirlərimi deyəsən bir az tez tərpənib daha öncəki sualda qeyd etdim :D. Gələk ixtisas sualına. Əslində ixtisasımla bağlı fikirlərim biraz qarışıqdır. Uşaqlıqdan tarixə çox böyük marağım var idi və bir növ tarixə olan sevgim məni bu ixtisasa yönəltdi. Bütün bunlar məni Queen Mary University of London-a, Siyasət və Sosial elmlər fakültəsinə gətirdi. 2014-2015-ci illərdə burada “Beynəlxalq münasibətlər” ixtisasında təhsil almışam. 2-3 il sonra top 10-a daxil olan universitetlərdən birində ikinci magistr təhsili almağı düşünürəm.

  • Keçək DP-də müsahibə mərhələsinə. Müsahibə necə keçdi, Komissiyada kimlər var idi, təəssüratlarınız barədə oxucularımıza danışın. Müsahibə hansı dillərdə keçdi?
  • Müsahibə ümumilikdə çox rahat keçmişdi, həyəcanımı çox gözəl idarə etməyi bacarmışdım. Bəlkə də bunun səbəbi bir həftə əvvəl ADA universitetində şəxsən Hafiz Paşayevin iştirakı ilə keçdiyim müsahibə idi. O zaman çox həyəcanlanmışdım, ancaq yəqin ki, ilk təcrübə sözünü demişdi və hisslərimi cilovlaya bilmişdim J Müsahibə 5 nəfərin iştirakı ilə Azərbaycan dilində başladı. Bir neçə ümumi suallar verildi: özünü təqdim et, nə üçün bu ixtisas və bu universitet və s. Daha sonra 5 illik planla bağlı sual gəldi və mən bir dövlət orqanının adını çəkən zaman “Hansı şöbə?” sualı ilə qarşılaşdım. Qeyd etdiyim qurumun struktur quruluşu ilə bağlı məlumatım olmadığı və sualın anidən gəlməsi üçün bir anlıq tutuldum, lakin xoşbəxtlikdən təcrübə keçdiyim başqa bir dövlət orqanında qapının üzərində gördüyüm “Beynəlxalq Münasibətlər Şöbəsi” yazısı gözlərimin önündə canlandı və mən əminliklə bu cavabi verdim. Komissiya heyəti cavablara uyğun hər cavabdan sonra müsbət və mənfi işarələri ilə qeydlər aparırdılar və bu cavabdan sonra sualı verən şəxsin əl işarəsindən müsbət qeydini oxudum. Çox sevinmişdim o an: beynəlxalq münasibətlər oxuyan biri kimi diplomatik bacarıqlarım öz sözünü demişdi 😀 Daha sonra ixtisas suallarına keçid oldu, ancaq inanmayacaqsınız mən bu hissədən tamamən xəbərsiz olaraq getmişdim müsahibəyə. Suallara cavab verdikcə fikirləşirdim ki, yəqin bugün təsadüfən mənim ixtisasıma uyğun şəxslər var deyə əlavə olaraq verilir bu suallar (Müsahibədən çıxan kimi bir dostuma zəng edib “Bilirsən, mənə ixtisas sualları da verdilər?” sualına həyəcanla “Necə yəni?! Sən bilmirdin ki?!” cavabını alan zaman öyrənmişdim məsələnin nə yerdə olduğunu). Suallar belə idi: Amerikanın siyasi sistemi, seçki sistemi, Respublikaçı və Demokratlar, Kennedi, Linkoln və Reyqan administrasiyalarının xarici və daxili siyasətləri, Mandela, beynəlxalq münasibətlər nəzəriyyələri və s. Müsahibənin bu hissəsi İngilis dilində keçdi və təqribən 10-15 sual oldu. Ümumilikdə, müsahibə 20 dəqiqə davam etdi.

-Müsahibənin cavabı nə vaxt bəlli olur?  Müsahibəyə necə hazırlaşmaq lazımdır? Sizin oxuculara tövsiyyəniz.

  • Qeyd etdiyim kimi, hazırlaşmadan gedən biri kimi necə hazırlaşmaq lazım gəldiyi ilə bağlı heç bir fikir bildirə bilməyəcəm 😀 Ancaq məncə, ixtisasını və davam etdirəcəyi profili bilən bir insan üçün qorxulu heç nə yoxdur. Cavabların bəlli olması hər kəsdə fərqli olur. Bəzən çox gec cavab gəlir, yəqin ki, ərizələrin qəbul olunma tezliyinə görə dəyişir bu. Şəxsən 1 həftə ərzində artıq keçdiyimlə bağlı cavab almışdım. Sənəd qəbulu açılan gün, yəni 22 Mayda elektron ərizəmi tamamlamışdım. Elə həmin gün 10 gün sonraya (2 İyun) müsahibə təyin olunmuşdu. 4 İyunda namizədliyim müsbət qiymətləndirilməsi ilə bağlı email almışdım. 10 İyulda Komissiyadan təsdiq gəlmişdi. 22 İyulda isə artıq müqavilə imzalamışdım.

Tövsiyəm ondan ibarətdir ki, ən birinci həyəcanlarına sahib olsunlar. Belə bir deyim var: “Ən böyük arzularımızın 90 faizini qazana bilmərik deyə həyəcan keçirdiyimiz məhz o həyəcanlar üzündən reallaşdıra bilmirik”. Elə hal ola bilər ki, həddindən artıq savadlı insan həyəcanına məğlub olar, lakin hisslərini idarə edən biri rasional cavablar verər. Ona görə ən böyük məsələ budur belə anlarda məncə.

Özlərinə inansınlar. “Yəqin ki məndən güclüləri çoxdur” deyə düşünənlər, hər kəs siz düşündüyünüzü düşünür. Başqalarını da bu sualın narahat etdiyini nəzərə alıb, gücünüzü ortaya qoyun.

Oxuyun. Həm öz sahənizə uyğun, həm də şəxsi inkişaf yönümlü məlumatlar alın.

Özünüzə zaman ayırın, gəzin, əylənin və ən vacibi, hər zaman gülümsəyinJ

-DP haqqında bir çoxları tərəfindən narazılıq ifadə olunur. Hətta ABŞ Dövlət Departamentinin  2014-cü ilə olan “İnsan haqları” hesabatında DP-nin bəzi hallarda qərəzli olmağı və siyasi mənsubiyyəti nəzərə aldığını qeyd edilib. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.

— Dövlət Proqramı ilə təhsil alan kifayət qədər çox tanışım var ki, müxtəlif siyasi görüşləri paylaşırlar, ona görə siyasi mənsubiyyətin əsas götürülməsi halı ilə düzü rastlaşmamışam.

-Müsahibə verdiyiniz üçün təşəkkür edirik. Gələcək təhsilinizdə sizə uğurlar!

— Mən də öz növbəmdə sizə təşəkkür edirəm. Çox sağ olun.

Оставьте комментарий