Londonda DP ilə magistr oxuyan xanımla MÜSAHİBƏ


Chilenay.jpg

Hər vaxtınız xeyir olsun, hörmətli oxucular! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) bu il başa çatdı. Proqram çərçivəsində 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın müxtəlif təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır.

Təbii ki, proqramın mövcudluğu və onun imkanlarının olması müsbət haldır. Ümid edirik ki, xaricdə oxuyan tələbələr yaxın gələcəkdə Azərbaycana qayıdıb pozitiv töhfələrini verəcəklər. Əfsuslar olsun ki, dövlətin vəsaiti təhsil alanlardan bəzi hissəsi Vətənə qayıdıb Azərbaycan dövlətini daha da möhkəmləndirmək əvəzinə şəxsi maraqları daha üstün tutur və Təhsil Nazirliyi ilə imzalanmış müqavilənin müvafiq bəndlərini pozur. İnanırıq ki, yeni qəbul edilən proqramda bu çatışmazlıqlar aradan qaldırılar və tələbələrin özbaşınalığına yol verilməz.

Ötən 8 ildə  DP-nin işıqlandırılması istənilən səviyyədə olmadığından bu boşluğu doldurmaq lazım olduğunu hesab edirik. Ona görə də mümkün qədər çox DP-dən uğurla keçən və xaricdə təhsil alan və ya almaqda olan tələbələrlə müsahibələr götürürəm. Bu cür layihələrdən biri də yenicə başladılmış “Uğur formulu”dur.  Hələ ki 3 müsahibə dərc edilib (1-ci, 2-ci, 3-cü yazılar). İnanırıq ki, Proqramın nəticələri yaxın müddətdə bizim cəmiyyətə, xüsusi ilə də təhsilini davam etdirən gənclərimizə  təqdim ediləcək. Bu addımlar inkişafda olan dövlətimizin yeni kadrlarla təmin olunmasında mühüm addım ola bilər, gənclərimiz xaricdə təhsil almaqla və Azərbaycana dönməklə cəmiyyətimizi müsbətə doğru dəyişişdirə, innovativ ideyalarla zənginləşdirə bilər. İnsan kapitalının yetişdirilməsində belə proqramların rolu əvəzedilməzdir.

İndi isə gəlin müsahibimlə yaxından tanış olaq!

-Salam! Zəhmət olmasa oxucularımıza özünüzü təqdim edin. Özünüz haqqınızda qısa məlumat verin.

— Mən, Cəfərli Çilənay, 1995-ci ildə Bakı şəhərində anadan olmuşam. 2011-ci ildə Cavanşir Rəhimov adına  146 nömrəli orta məktəbi bitirib həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” fakültəsinə daxil olmuşam. 2015-ci ildə bakalavr pilləsini bitirdikdən sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müraciət etdim və müsahibənin yekununda müsbət rəy alaraq təhsilimi Böyük Britaniya  “Queen Mary University of London”da davam etdirirəm.

— Təhsilinizi hansı ölkədə davam etdirmək istəyirdiniz? (səbəb, üstünlüklər)

— Təhsilimi davam etdirmək üçün bir neçə alternativ var idi; Böyük Britaniya Hollandiya və Almaniya. Son nəticədə qərarım Böyük Britaniya oldu. Əlbəttə İngiltərədə təhsil almağın çox üstünlükləri var, xüsusilə də iqtisadiyyat sahəsində. Maliyyə ixtisasına dünyanın ən böyük maliyyə mərkəzlərindən birində yiyələnməkdən daha gözəl nə ola bilər?

— Nəyə görə bu ixtisası və universiteti seçmisiniz?

— Hazırki ixtisasım “İnvestment and Finance”dir. Bakalavr təhsilimi də  maliyyə üzrə aldığıma görə öz ixtisasımı davam etdirmək istədim. Əlbəttə bu ixtisasın ölkəmizdəki perspektivini də nəzərə aldım. Universitet seçiminə gəlincə isə, kursun proqamı, tədris edilmə səviyyəsi, məzunların qısa zamanda özlərini  işlə təmin edə bilməsi və bu kimi digər faktorları araşdırdıqdan sonra demək olar ki, artıq şübhə yeri qalmadı.

— Keçək DP-də müsahibə mərhələsinə. Müsahibə necə keçdi, Komissiyada kimlər var idi, təəssüratlarınız barədə oxucularımıza danışın. Müsahibə hansı dillərdə keçdi? (İxtisas suallarından misal gətirin, ümumi sualların da misallarını verin, nə qədər çox mümkünsə bu bölmədə ətraflı yazın).

Müsahibə deməzdim ki, olduqca rahat idi. Kifayət qədər ətraflı cavab tələb edən suallar verildi ixtisasımla bağlı. Bununla belə dövlət proqramı üçün iddialı olan hər kəsin rahat cavab verə biləcəyi suallar da var idi. Qısaca nümunə olaraq pulun funksiyalarından tutmuş, Enron şirkətinin iflasının, Yunanıstanın iqtisadi böhranının səbəblərinədək. Suallar həm azərbaycanca, həm də ingiliscə verilirdi. Cavabları daha lakonik olan sualları ingiliscə tələb edirdilər daha çox, nəinki azərbaycanca. Ikinci hissə ölkəmizlə bağlı suallar idi. Lakin ənənəvi suallardan əlavə Azərbaycan ədəbiyyatı, publisistikası və kinosu barədə suallar da ünvanlandı.

— Müsahibənin cavabı nə vaxt bəlli olur?  Müsahibəyə necə hazırlaşmaq lazımdır? Sizin oxuculara tövsiyyəniz.

— Bu haqda konkret bir şey demək çətindir. Müsahibədə iştirak edən yoldaşlarımın nəticələri 2 həftə ərzində  açıqlandığı halda bu məndə təqribən 40 gün çəkdi. Hazırlıq mərhələsini çətinləşdirən əsas məqam odur ki, bizim universitetlərdə ətraflı işləmədiyimiz mövzular müsahibədə qarşımıza çıxa bilir. Ona görə də daha çox çalışmaq lazımdır ki xarici ədəbiyyatlara mümkün qədər tez müraciət etsinlər və ingilis dillində olan materialları mənimsəsinlər. Bundan əlavə təhsil alacaqları müəssisə barədə ətraflı məlumat toplasınlar (universitetin reytinqi, fakültənin göstəriciləri və s.). Lakin etibarlı mənbədən sitat gətirməyə diqqət etsinlər.( Məsələn Böyük Britaniya universitetləri haqda The Guardian-dan məlumat toplaya bilərlər). Bütün bunlardan əlavə yuxarıda da qeyd etdiyim kimi Azərbaycan haqqında gözləmədikləri suallar çıxa bilər qarşılarına. Amma nəzərə alsınlar ki bu sualları ətraflı şəkildə cavablandırmaq müsahibə götürənlərdə olduqca müsbət təəssürat yaradır.

-DP haqqında bir çoxları tərəfindən narazılıq ifadə olunur. Hətta ABŞ Dövlət Departamentinin  2014-cü ilə olan “İnsan haqları” hesabatında DP-nin bəzi hallarda qərəzli olmağı və siyasi mənsubiyyəti nəzərə aldığını qeyd edilib. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.

— DP ilə bağlı bu il ola bilər bir qədər narazılıq ifadə olunsun. Güman ki, bu il proqramın son ili olduğuna görə ötən illərə nəzərən daha az tələbə göndərilib . Amma gələn illərin potensial təqaüdçülərinin mən də daxil olmaqla qarşılarında həqiqətən çalışaraq müsbət rəy alan nümunələr çoxdur. Hər halda heç bir şey nə qeyri-mümkündür, nə də ruhdan düşməyə əsas verir.

— Müsahibə verdiyiniz üçün təşəkkür edirik. Gələcək təhsilinizdə sizə uğurlar!

— Mən sizə təşəkkür edirəm! Sağ olun ki, xaricdə təhsil alan tələbələri işıqlandırırsınız!

Londonda DP ilə magistr oxuyan xanımla MÜSAHİBƏ: Один комментарий

  1. Уведомление: Londonda DP ilə magistr oxuyan xanımla MÜSAHİBƏ | Hamar.az

Оставьте комментарий