Aberdində DP hesabına oxuyan qızla MÜSAHİBƏ


Farah

Hər vaxtınız xeyir, əziz oxucularım! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) çərçivəsində müsahibə mərhələsindən uğurla keçən tələbə ilə müsahibəni təqdim edirəm. Əgər sizin də tanığınız tələbələr varsa, mənimlə əlaqə saxlaya bilərsiniz. Gəlin müsahibimlə yaxından tanış olaq.

-Salam! Zəhmət olmasa oxucularımıza özünüzü təqdim edin. Özünüz haqqınızda qısa məlumat verin.

— Mən, Fərəh Seyidəhmədova 18 aprel 1992-ci ildə Bakı şəhərində anadan olmuşam. 1998-ci ildə 160 №-li klassik gimnaziyasında 1-ci sinfə getmiş və 2009-cu ildə fərqlənmə ilə bitirmişəm. Elə həmin ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “Kimya” fakültəsinə daxil olmuşam. 2013-cü ildə universiteti 4.8 ortalama balı ilə bitirmişəm. Həmin ilin yayında AMEA-nın M.Nağıyev adına Kimya Problemləri İnstitutuna işə düzəlmişəm. Orada 6 ay çalışdıqdan sonra iş yerimi dəyişərək ak. Y.Məmmədəliyev adına Neft-Kimya prosesləri İnstitutunda çalışmağa başladım. 2014-cü ildə təhsilimi davam etdirmək və magistr dərəcəsi almaq qərarına gəldim. Həmin ildə Qafqaz Universitetinin “Kimya mühəndisliyi” ixtisasını seçdim. Xaricdə təhsil ilə maraqlanaraq Böyük Britaniyanın 6 universitetindən qəbul aldım. Öz seçimimi isə Aberdin Universiteti üzərində saxladım. Hazırda DP ilə bu universitetdə magistr təhsili alıram.

— Təhsilinizi hansı ölkədə davam etdirmək istəyirdiniz?

Birmənalı olaraq Böyük Britaniyada. Çox qədim tarixə malik olan və yaxşı təhsil sistemi var. Həlledici məqamlardan biri o oldu ki, seçdiyim fakültə olan ali təhsil müəssisəsi məhz bu ölkədə idi.

— Nəyə görə bu ixtisası və universiteti seçmisiniz?

— Kimya çoxlu qolları olan maraqlı elmdir. MDU-nun Bakı filialında 4 il mükəmməl təhsildən sonra təhsilimi neft-qaz sahəsində davam etdirməyi qərara aldım. Bu qərarıma, təbii ki, neft ölkəsində yaşamağım da təsir etdi. Universitetə gəldikdə isə bu sahədə Aberdin Universiteti ən yaxşı universitetlərdən biridir.

— Keçək DP-də müsahibə mərhələsinə. Müsahibə necə keçdi, Komissiyada kimlər var idi, təəssüratlarınız barədə oxucularımıza danışın. Müsahibə hansı dillərdə keçdi?

— Fikrimcə müsahibə çox maraqlı keçdi. Komissiyanın üç üzvü mənə suallar verirdi. Təbii ki, mənim biliyimi öyrənməyə yönlənən suallar idi. Həmçinin mənim elm sahələrindən hansılarının xoşuma gəldiyi sualı verildi. Məndən nəyə görə bu universitet və fakültəni seçdiyimi, arqument gətirməyimi və özüm haqqında danışmağı xahiş etdilər. Daha sonra bakalavrda oxuduğum fənlər haqqında suallar verildi: termodinamikanın qanunları, Nyutonun qanunları, Heyzenberqin qeyri-müəyyənlik prinsipi, orqanik birləşmələrin müxtəlif sinifləri. Müsahibənin ikinci mərhələsi Azərbaycan haqqında suallarla bağlı idi: dövlət bayramları (Müstəqillik günü, Respublika günü), bayraq və onun rənglərinin mənaları, himnimizin söz və musiqi müəlliflərini. Sonuncu sual isə mənim Aberdində oxuduqdan sonra gələcək planlarım ilə bağlı idi.

— Müsahibənin cavabı nə vaxt bəlli olur?  Müsahibəyə necə hazırlaşmaq lazımdır? Sizin oxuculara tövsiyyəniz.

— Nəticələr təxminən 2 həftə sonra məlum oldu. Bütün proses 2 aya yaxın müddət çəkir. Amma ən çətini müsahibədən sonra nəticələrin çıxmağını 2 həftə ərzində gözləməkdir. Hazırlığa gəldikdə isə burada 1 həftə ilə keçinmək olmaz, ən azı 4 il lazımdır. J Burada banal olacam – oxumaq lazımdır. Biliklərin əldə edilməsi mənə evin tikilməsini xatırladır – bünövrəsiz   onlar qısaömürlü olacaqlar. Gələcəkdə DP müsahibələrinə gedən bütün namizədlərə uğurlar diləyirəm, nəticədən asılı olmayaraq ruhdan düşməyin! Sizin hazırlıq üçün 1 iliniz var, əsası odur ki, məqsədə doğru gedəsən və hər şey alınacaq! Müsahibədən keçənləri isə əvvəlcədən təbrik edirəm!

-DP haqqında bir çoxları tərəfindən narazılıq ifadə olunur. Hətta ABŞ Dövlət Departamentinin  2014-cü ilə olan “İnsan haqları” hesabatında DP-nin bəzi hallarda qərəzli olmağı və siyasi mənsubiyyəti nəzərə aldığını qeyd edilib. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.

İstənilən proqramdan, həmçini DP-dən də bu və ya digər səbəblərə görə narazı qalacaq müəyyən qrup insan var. Təqaüdü ikinci dəfə alan şəxs kimi deyə bilərəm ki , heç kim sizə cəhd etməyi qadağa etmir. Istənilən problem sizin ölkəyə cavabdeh olan şəxsə e-mail yazmaqla həllini tapır. Ancaq yaddan çıxartmaq olmaz ki, DP yüzlərlə tələbəyə dünyanın ən yaxşı təhsil müəssisələrində təhsil almağa imkan verir.

— Müsahibə verdiyiniz üçün təşəkkür edirik. Gələcək təhsilinizdə sizə uğurlar!

-Diqqətinizə görə mən sizə təşəkkür edirəm!

Оставьте комментарий