DP hesabına Nyukaslda oxuyan qızla MÜSAHİBƏ


Lamiye Ezizli

Salam, əziz oxucular! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) çərçivəsində müsahibə mərhələsindən uğurla keçən tələbərlə müsahibələrdən daha birini təqdim edirəm. Əgər sizin də tanığınız tələbələr varsa, mənimlə əlaqə saxlaya bilərsiniz. Müsahibimlə daha yaxından tanış olaq.

-Salam! Zəhmət olmasa oxucularımıza özünüzü təqdim edin. Özünüz haqqınızda qısa məlumat verin.

-Salam,adım Lamiyə Əzizlidir, 20 yaşım var. 2013-cü ildə Səbail rayonu Etibar Əliyev adına 162 saylı orta məktəbi bitirərək 633 balla ADA Universitetinin “İctimai Munasibətlər” fakültəsinə daxil olmuşam. Yerli və xarici muəllimlərin dərs keçdiyi bu ali məktəbdə iki il ərzində  həm təhsil aldım, həmçinin də orada təşkil olunan müxtəlif tədbir ve seminarlarda iştirak etməklə dünyagörüşümü daha da artırdım. Xaricdə təhsil almaq isə əsas məqsədlərimdən biri olaraq qalmaqda idi.

— Təhsilinizi hansı ölkədə davam etdirmək istəyirdiniz?

-Artıq mühiti və təhsili ilə tanış olan yaxınlarımın mənimlə bölüşdüyü təəssüratlar və internet araşdırmalarım əsasında prioritet olaraq təhsil almaq istədiyim ölkələr arasında İngiltərə və Avstraliyanı görürdüm və hər iki ölkənin qabaqcıl ali məktəblərinə sənədlərimi göndərmişdim. Son qərara gəldikdə isə Ingiltərəni, daha dəqiq desək Nyukasl Universitetini seçdim.

— Nəyə görə bu ixtisası və universiteti seçmisiniz?

— “Mühasibat və maliyyə” (Accounting and finance) fakültəsini seçməyimdə üç əsas səbəb var idi. Birincisi, məktəb dövründə riyaziyyat, iqtisadiyyat fənlərində çətinlik çəkmişəm və məktəb dövrü özümü bu bölümdə zəif görürdüm. Ancaq insanın edə bilməyəcəyi heçnə yoxdur və riskləri sevən birisi olaraq bu fakültəni seçməklə alacağım təhsil müddətində özümü maksimum inkişaf etdirməyi və maliyyə/iqtisadiyyat yönümlü ixtisaslı kadra çevrilməyi hədəflədim.Digər səbəblərə gəldikdə  isə biznes sahəsinde çoxlu iş imkanlarının olması ve ailəmin də məni bu sahəyə yönləndirməsi oldu. Nyukasl Universitetini isə ona görə seçmişəm ki, bu universitet artıq öz yerini müəyyən etmiş ali təhsil ocağıdır və oxuyacağım fakültə üzrə ən qabaqcıl universitetlər siyahısına daxildir.

— Keçək DP-də müsahibə mərhələsinə. Müsahibə necə keçdi, Komissiyada kimlər var idi, təəssüratlarınız barədə oxucularımıza danışın. Müsahibə hansı dillərdə keçdi?

-Müsahibədə bir qayda olaraq 3 nəfər var idi. Suallar iki yərə bölünürdü:  özünü təqdimat, niyə bu universitet və ixtisası seçmişəm. Bundan əlavə mən ADA Universitetində tamamilə fərqli fakültə (Ictimai münasibətlər) üzrə təhsil aldığıma görə həm də niyə fakültəmi dəyişmək istədiyim barədə də məndən tutarlı cavab tələb olundu.  Spesifik olaraq isə suallar əsasən ixtisas fənlərini (riyaziyyat,iqtisadiyyat) əhatə edirdi. Soruşulan suallar arasında isə pulun funksiyaları, hiperinflyasiya, vergi nədir, vergi ilə rüsumun fərqi və s. tipli suallar verildiyini xatırlayıram.

— Müsahibənin cavabı nə vaxt bəlli olur?  Müsahibəyə necə hazırlaşmaq lazımdır? Sizin oxuculara tövsiyyəniz.

-Müsahibə üçün xüsusi hazırlıq metodum olmamışdı.Tövsiyyəm isə odur ki,  müsahibədə lakonik cavablar versinlər,və dövlət proqramına ən tez bir zamanda müraciət etsinlər çünki tələbələrin çoxluğu ilə bağlı ümumi prosedur təxminən bir ay çəkir.

-DP haqqında bir çoxları tərəfindən narazılıq ifadə olunur. Hətta ABŞ Dövlət Departamentinin  2014-cü ilə olan “İnsan haqları” hesabatında DP-nin bəzi hallarda qərəzli olmağı və siyasi mənsubiyyəti nəzərə aldığını qeyd edilib. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.

-DP haqqında eşitdiyim fikirlərə hörmətlə yanaşıram. Fikrimcə  müsabiqə kifayət qədər ədalətlidir. Düşünmürəm ki,  tələbələrə qarşı nazirlik və ya proqram müşahidəçiləri tərəfindən hər hansı ayrıseçkilik edilib. Çünki hər bir tələbənin bu proqramda təhsil almağının ali məqsədi sonda dövlətimizin, xalqımızın rifahı və inkişafıdır. Təbii olaraq təcrübəsi, dünyagörüşü, biliyi çox, özünü ifadə etməyi bacaran və ən əsası da akademik göstəriciləri daha yüksək olan tələbələrin seçilmə ehtimalı da böyükdür.Əgər mən müsabiqədən keçməsəydim yenidən gələn il müraciət edib öz şansımı yoxlayardım, çünki layiq olan əvvəl-axır qazanır! 🙂

— Müsahibə verdiyiniz üçün təşəkkür edirik. Gələcək təhsilinizdə sizə uğurlar!

-Mən də Sizə  öz növbəmdə maraqlı müsahibəyə görə dərin minnətdarlığımı bildirirəm və ümid edirəm bunun oxuculara faydası toxunar.

Оставьте комментарий